Ərbəin münasibətilə İraqda təhlükəsizlik tədbirləri gücləndirilib

Kərbəlada terror aktlarının qarşısının alınmasına 40 mindən artıq polis əməkdaşı cəlb edilib

Bu gün İraqda Kərbəla hadisələrinin 40-cı günü (Ərbəin) ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, Kərbəla şəhərində şiə zəvvarların təhlükəsizliyini 40 mindən artıq polis əməkdaşı təmin edəcək.

“Kərbəlaya gedən yolda, şəhərin mərkəzində və ətrafında, qonşu əyalətlərdə terror aktlarının qarşısının alınmasına təhlükəsizlik qüvvələrinin 43 min əməkdaşı cəlb ediləcək”, - İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi Adil Daham bildirib. Bununla belə, o, etiraf edib ki, ilbəil şiə zəvvarların məruz qaldıqları hücumları tam istisna etmək üçün kifayət etməyə bilər.

DİN rəsmisinin sözlərinə görə, təkcə son bir həftə ərzində Kərbəla, Bağdad və Ən-Nəsiriyyədə terrorçular tərəfindən törədilən terror aktları nəticəsində 100-dən çox adam ölüb, 265 nəfər yaralanıb.

Lakin belə hücumlar inanclı insanları qorxutmur. “Biz hər il qardaşlarımızla Kərbəlaya gedir və İmam Hüseynin xeyir-duasını alırıq. Bizi nə terrorçular, nə də partlayışlar qorxudur. İmam Hüseyndən nümunə götürmək, o cümlədən, şəhadətə getmək böyük şərəfdir”, - zəvvarlardan biri deyib.

В этом разделе