Əhmədinejaddan inqilab rəhbərinə: "Əminəm ki, siz müxalifsiniz"

"Bu gün düşmənlərin bizə qarşı cızdığı planlara görə həm millət, həm də ölkə təzyiq altındadır"

İran prezidenti Mahmud Əhmədinejad ölkənin lideri Ayətullah Əli Xameneyiyə məktub yazaraq ölkə rəsmilərinə aralarındakı ixtilafı mediaya çıxarmamaqla bağlı xəbərdarlığına münasibət bildirib.

“Media forum” saytının məlumatına görə, Əhmədinejadın məktubunda deyilir: “Hökumət sizin vaxtında edilmiş bu xəbərdarlığı tam müsbət qiymətləndirərək bütün səyini minnətsiz olaraq inqilab dəyərlərinin qorunub saxlanması və millətin əsas hüquqlarının müdafiəsi istiqamətinə sərf edəcək. Hökumət daşıdığı ağır məsuliyyətə görə dedi-qodulara və daxili çaxnaşmalara getməyəcək, ona qarşı yönəlmiş bütün mehribansızlıqlara dözəcək.

Bu gün düşmənlərin bizə qarşı cızdığı planlara görə həm millət, həm də ölkə təzyiq altındadır. Mən və hökumətdəki həmkarlarım xalqın üzərinə düşən təzyiqləri azaltmaq istiqamətində, eləcə də ölkəyə qarşı yönəlmiş bu geniş fitnə və intriqaların qarşısını almaq üçün gecə-gündüz çalışırıq. Lakin bu məsələnin əhəmiyyətini və hökumətin ölkəyə qarşı yönəldilmiş iqtisadi təzyiqlərə qarşı mübarizəsini nəzərə alaraq digər rəsmilərin də hökumətlə ayaqlaşması, məsuliyyət qəbul edərək onunla əməkdaşlıq etməsi vacibdir.

Əminəm ki, siz xalqın seçdiyi, rəhbərdən sonra ən yüksək postu tutan və ölkə konstitusiyasının icraçısı sayılan prezidentin mühüm səlahiyyətlərinə xələl gətirilməsinə müxalifsiniz”.

В этом разделе