Əhmədinejad: "Terror bizim yox, sizin xarakterik xüsusiyyətinizdir"

İran prezidenti ABŞ-ın növbəti dəfə təxribata əl atdığını bildirib

Səudiyyə Ərəbistanı ABŞ-dakı səfiri Adil əl-Cübeyirə qarşı sui-qəsd planlarının üstünün açılması ilə əlaqədar BMT-nin baş katibi Pan Gi Muna rəsmi şəkildə müraciət edib. Məktubda bu insidentlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının məlumatlandırılması istənilir. Səudiyyə Ərəbistanının bu addımı sui-qəsd planının hazırlanmasında ittiham olunan İrana qarşı yeni sanksiyaların tətbiqinə gətirib çıxara bilər.

İran isə bütün ittihamları rədd edir. Tehranda Tələbə Parlamentində çıxış edən İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ı İranı ləkələməyə çalışmaqda ittiham edib: «Terror bizim yox, sizin xarakterik xüsusiyyətinizdir. Mədəni İran xalqı terrora əl atmır. Siz hər gün İrana qarşı saxta planlar hazırlayırsız. İndi də İranı terrorizmdə ittiham edirsiniz, amma bunu bilməlisiniz ki, terror öz mədəniyyəti olmayanların işidir» /ANS/

В этом разделе