Norveçli terrorçu baş nazirə sui-qəsd hazırladığını etiraf edib

Norveçdə iki terror aktı törətməkdə şübhəli şəxs qismində saxlanan Anders Breyvik polisə ifadəsində baş nazir Qru Xarlem Bruntlanna sui-qəsd planlaşdırdığını bildirib.

APA-nın məlumatına görə, 1981-1996-cı illərdə üç dəfə baş nazir vəzifəsində çalışmış Bruntlann Utyoyya adasında nitq söyləməyi planlaşdırıbmış. Terror aktı bundan bir az əvvəl baş verib və Breyvik 80-dən çox insanı güllələyib. Bruntlann adanı cinayətkar ora gəlməzdən əvvəl tərk edibmiş.

Xatırladaq ki, Norveçdə iyulun 22-də iki terror aktı baş verib. Əvvəlcə baş nazirin dəftərxanasının yerləşdiyi hökumət binaları kompleksində partlayış qeydə alınıb, daha sonra polis formasında Utyoyya adasındakı Gənclər Düşərgəsinə daxil olan şəxs xaotik atəş açıb. İki terror aktı nəticəsində 93 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Hər iki terror aktı nəticəsində itkin düşənlər var, onların dəqiq sayı açıqlanmır. Bu gün terror aktları törətməkdə şübhəli bilinən Breyvik ilk dəfə məhkəmədə ifadə verəcək.

В этом разделе