Zika virusu - qlobal həyəcan siqnalı verildi!

Hamilə qadınlara yoluxduğu təqdirdə övladlarının beyin inkişafını kəskin şəkildə ləngidən virus, Beynəlxalq Səhiyyə Təşkilatının qlobal təhlükə siqnalı verməsi həddinə gəldi.

Zika virusunun təxmin ediləndən də sürətlə yayılması və epidemiya həddinə çatmağa başlaması bildirilir. 313news-un BBC-yə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Səhiyyə Təşkilatı (BST) bu virusla, minlərlə insanın ölümünə səbəb olan Ebola ilə eyni kateqoriyada mübarizə aparacaq. Bununla da tibbi yardım və peyvənd hazırlanması üzərində aparılan işlərin sürətlənəcəyi gözlənir.

BST-nin rəhbəri Marqarit Çen (ing. Margeret Chan) Amerika qitəsində xüsusilə yayılan Zika virusu üçün "bu, fövqəladə haldır" açıqlamasını verərək "Latın Amerikasında müşahidə edilən bu mikrosefaliya beynəlxalq problemə çevrilməkdədir" dedi. Təşkilat başçısı diqqətlərini hamilə qadınlar və uşaqların təhlükəsizliyini təmin etməyə yönəltdiklərini bildirərkən virusu yayan ağcaqanadlarla mübarizə sahəsində də addımlar atıldığını açıqladı.

BST hamilə qadınlara bunları tövsiyə edir:

 

  • Zika virusu aşkar edilən ölkələrə getməyi təxirə salsınlar.
  • Virusun yayıldığı bölgələrdə yaşayanlar dərhal həkim müayinəsindən keçərək özlərini ağcaqanadlardan qorusunlar.

 

Zika virusuna qarşı hər hansı dərman və ya peyvənd mövcud deyil. Səhiyyə mütəxəsisləri virusa yoluxmamağın tək yolunun Aedes növünə aid olan ağcaqanadlardan qorunmaq olduğunu bildirir.

Səhiyyə təşkilatı bu il 3 və ya 4 milyon nəfərin Zika virusuna yoluxa biləcəyini açıqlayıb. Hazırda 20 ölkədə bu virusa yoluxma halı aşkarlanıb.

Yoluxanlarda qeyd olunan əlamətlər yüngül simptomlar halında müşahidə edilir. Çox az xəstədə yüngül iflic əlamətləri görülüb. Virus daha çox hamilə qadınlar və doğulmamış körpələr üçün təhlükəlidir. Oktyabr ayından bu günə kimi təkcə Brazilyada 4 minə yaxın uşağın inkişafdan qalmış beyin və anormal dərəcədə kiçik başla dünyaya gəldiyi bildirilib.

Müəllif: Qafar Əhmədov

В этом разделе