Suriya üsyançıları silahı yerə qoydular

Onlar bundan sonra yalnız özünümüdafiə xarakterində mübarizə aparacaqlar

Əsasən Suriya ordusunun müxalifət tərəfə keçmiş zabit və əsgərlərindən təşkil edilən Suriya Azad Ordusu hökumətlə birtərəfli qaydada barışığa getmək təşəbbüsü ilə çıxış edib. ANS PRESS-in “Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, qərar Ərəb Liqası ölkələri müşahidəçilərinin Suriyaya gəldiklərindən sonra qəbul edilib.

Suriya üsyançılarının rəhbəri polkovnik Riyad Əsəd bu addımın hökumətin bəyanatına qarşı atıldığını bildirib. Belə ki, Suriya hökuməti üsyançılar silahı yerə qoyacaqları təqdirdə hökumətə qarşı qalxmış şəhərlərin əhalisinə qarşı zor tətbiqinin dayandırılacağına dair söz vermişdi.

“Mən cümə günündən etibarən bütün hərbi əməliyyatların dayandırılmasına dair əmr vermişəm. Biz bundan sonra özünümüdafiə məqdəsilə silah qaldıracağıq”, - deyə Əsəd bildirib.

Xatırladaq ki, Suriyada üsyançılarla hökumət qüvvələri arasında toqquşma 2011-ci ilin mart ayından davam edir. Son aylar üsyançıların hökumət qüvvələrinə qarşı daha çox silahlı müqavimət göstərməsindən sonra BMT bu ölkədə vətəndaş müharibəsinin getdiyini bəyan etmişdi.

В этом разделе