Suriya-Türkiyə sərhədinə 10 min qaçqın toplaşıb

7000 suriyalı isə artıq sərhədi keçərək Türkiyədə sığınacaq tapıb

Türkiyənin Suriya ilə sərhəd bölgələrinə qaçqın axını davam etdiyi bir vaxtda, sərhədin o tayında - Suriyada yaşananları əks etdirən kadrlar ortaya çıxıb. Türkiyə sərhədini keçmək üçün minlərlə adam sərhəddə səfalət içərisində gözləməyə davam edir. Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunda isə dağlıq ərazilərdə Türkiyəyə keçən suriyalı qaçqınlar çadır qurub. Ərzaq və geyim çağtışmazlığından əziyyət çəkən qaçqınlar üçün maşınlarda çörək gətirilərək paylanır.

Ən son məlumatlara görə, Suriyada cərəyan edən hadisələrlə əlaqədar ölkəsini tərk edərək Türkiyəyə gələnlərin sayı isə 7000 nəfərə çatıb. Suriya-Türkiyə sərhədində daha 10 min qaçqının toplaşdığı bildirilir. Türkiyə suriyalı qaçqınlar üçün Hatayda 4 çadır şəhərciyi hazırlayıb.

Suriyanın şimalında isə hərbi əməliyyatlar davam edir. Bir müddət hökumət əleyhdarlarının əlində olan Cisr-əş-Şuqur şəhərinə nəzarət bərpa edildikdən sonra Bəşər Əsədə sadiq hərbi qüvvələr qonşu yaşayış məntəqələrinə də daxil olublar. Hökumət qüvvələri silahlı qruplaşmaları təmizləmək üçün Maraatəl-Numaan, Biniş və Taftanaz şəhərlərində də hərbi əməliyyatlara hazırlaşırlar./ANS/

В этом разделе