Aleksandr Lukaşeviç: “Suriyanın Türkiyənin hərbi təyyarəsini vurması əvvəlcədən planlaşdırılmış bir hadisə və ya təxribat kimi dəyərləndirmək düzgün deyil”
Moskva. Fərid Əkbərov – APA. Rusiya Suriyanın Türkiyə hərbi təyyarəsini vurmasına rəsmi münasibət bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç Suriyanın Türkiyənin hərbi təyyarəsini vurmasını əvvəlcədən planlaşdırılmış bir hadisə və ya təxribat kimi dəyərləndirməyin düzgün olmadığını söyləyib.
Onun sözlərinə görə, rəsmi Moskva Türkiyə hərbi təyyarəsinin vurulması ilə bağlı yaranan vəziyyətdən narahatdır” Biz baş verən hadisəni təxribat və ya öncədən hazırlanmış plan olaraq görmürük. BMT Təhlükəsizlik Şurasında qəbul edilən Annan planının həyata keçirilməsi bağlı müzakirələrin getdiyi bir zamanda beynəlxalq ictimaiyyətin belə bir təbliğat aparması çox təhlükəlidir. Bir daha Suriya ilə qonşu olan dövlətləri və Suriyadakı münaqişənin nizamlanmasında tərəf olan dövlətləri təzyiqin artmasına səbəb olan addımları atmamağa çağırırıq”.
XİN rəsmisi vurulan təyyarə ilə bağlı Türkiyə ilə Suriyanın birgə araşdırmalar aparmalı olduğunu söyləyib.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “RF-4E” tipli kəşfiyyat təyyarəsi iyunun 22-də Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub. Təyyarənin qalıqları və iki pilotunun axtarışları davam etdirilir.