"Rusiya və Çin sübut etdilər ki, dünyada Qərbə müqavimət göstərə biləcək qüvvə var"

"Rusiya və Çinin veto hüququndan istifadə etməsi bizə ilk dəfə xalqların ədaləti, neytrallığı, mədəniyyəti və sivilizasiyasına inanan qüvvənin olduğunu hiss etməyə imkan verdi"

“Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməklə, dünya birliyinə sübut etdilər ki, Qərbə “Siz haqsızsınız” deyə biləcək güc var”. Trend-in məlumatına görə, bu barədə “Russian Today” telekanalının “Rusiya əl-Yəum” ərəb redaksiyasına müsahibəsində Suriya Prezidentinin müşaviri Buseyn Şaban bildirib.

“Rusiya və Çinin veto hüququndan istifadə etməsi bizə ilk dəfə xalqların ədaləti, neytrallığı, mədəniyyəti və sivilizasiyasına inanan qüvvənin olduğunu hiss etməyə imkan verdi”, - Şaban qeyd edib.

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar.

Səsvermə zamanı qətnamənin qəbul olunmasının lehinə doqquz ölkə səs verib, dörd ölkə isə bitərəf qalıb.

Veto hüququndan Rusiya və Çin daxil olmaqla, BMT TŞ-nin 15 üzvündən 5 daimi üzvü istifadə edə bilər.

Şabanın sözlərinə görə, bəzi ölkələr Suriyanın kənd və şəhərlərində fəaliyyət göstərən, insanların yaşamasına və onların həyatına ciddi olaraq təhlükə yaradan terrorçu qruplaşmalarını maliyyələşdirir və silahlandırırlar.

“Biz yenidəqurma yolu ilə gedirik: qəbul edilməsi vacib olan bir çox qanunlar artıq təsdiq olunub, konstitusiyaya dəyişikliklər üzrə işlər gedir”, - Suriya Prezidentini müşaviri bildirib.

Şaban həm də qeyd edib ki, qərb ölkələri tərəfindən qəbul olunan qərar əslində Suriyada baş verənlərə əsaslanmır, İsrailə müqavimət göstərmək işində əsas rol oynayan ərəb ölkəsi - Suriyanı boğmaq məqsədini güdür.

Prezidentin müşaviri qeyd edib ki, indi iş xarici müdaxiləyə qarşı çıxış edən Suriya müxalifətinin əlindədir və müxalifətin yeni Suriyada yenidənqurma və islahatların aparılmasında dialoqda iştirak etməsi lazımdır.

“Biz “dialoqsuz irəliləyiş mümkün deyil” mövqeyindən çıxış edən Rusiya və Çinin tərəfindəyik”, - Şaban qeyd edib.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

В этом разделе