Bir siyasi ekspert tərəfindən “addımladığı yolda özünə quyu qazan adam” kimi xarakterizə olunan Israilin baş naziri Benyamin Netanyahu “Mavi Mərmərə” gəmisinə silahlı hücumu araşdıran komissiyadakı hərəkətilə yenidən qınaq obyektinə çevrilib.
Belə ki, avqustun 10-da Yakov Türkelin başçılıq etdiyi araşdırma komissiyasına ifadə verən baş nazir əvvəllər də olduğu kimi günahsız insanların qətlinə yol açan basqına görə məsuliyyətin Türkiyənin üzərinə düşdüyünü bir daha vurğuladı.
"Azadliq.az"ın məlumatına görə İsrailin tanınmış köşə və siyasi yazarları hesab edir ki, baş nazirin aqressiv mövqeyini davam etdirməsi nəinki onun özünü, eləcə də təmsil etdiyi ölkəni çətin duruma salır: “Rəsmi Təl-Əvivin dünya birliyinin qınağına tuş gəlməsinə blokada şəraitində olan Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına mayın 31-də Israil hərbçilərinin silahlı basqını şərait yaratdı”.
Daha sonra Benyamin Netanyahunun baş vermiş qanlı insidenti araşdırmaq üçün Israildə yaradılan komissiyanın qarşısına çıxdığını kinayə ilə şərh edən “Yedioth Ahronoth” qəzeti baş nazirin ifadə verməsini isə “Netanyahu özü qurduğu komissiya qarşısında aciz duruma düşdü” başlıqlı yazıyla dərc edib. Köşə yazarı Nahum Barnea isə komissiyada söylənilən fikirlərin və çıxarılan nəticələrin fəlakət olduğunu qeyd edib.
Ölkənin ən böyük ikinci qəzeti “Ma’ariv”in yazarı Ofer Şellah isə Benyamin Netanyahunun Türkiyəni bir daha günahkar saymasını acizlik adlandırıb: “Hər dəfə təzyiqlər qarşısında bir küncə sığınıb başqalarını günahkar göstərmək, dünyanın gözü qarşısında baş verənləri danmaq yalnız Netanyahunun deyil, daha çox Israil dövlətinin nüfuzuna kölgə salır”.
Maraqlıdır ki, Israil baş nazirinin fikrincə, əsgərlərin Türkiyə vətəndaşlarını öldürməsindənsə, əsgərlərin fəalların olduğu gəminin göyərtəsinə əllərində silah enmələri daha böyük günahdır. Netanyahu haqqında hazırlanan bioqrafik yazının müəlliflərindən biri Ben Kaspit hesab edir ki, bu tip açıqlamalar baş nazirin stilinə uyğun gəlir və Netanyahu özünü tez-tez pis durumlara salmağı xoşlayır.