Müsəlman ölkələri İraqın bərpa olunmasında iştirak etməlidirlər – ədliyyə naziri

Müsəlman ölkələri, o cümlədən Azərbaycan İraq iqtisadiyyatının bərpası və təhlükəsizliyinin gücləndirilməsində iştirak etməlidirlər.


Bu barədə İraqın ədliyyə naziri Nurəddin Bahəddin Trend News-a bildirib.

"İraq hökuməti olaraq bütün Ərəb dövlətlərini ölkədə siyasi vəziyyətin yaxşılaşdırılmasında iştirak etməyə səsləyirik", - İKT ölkələri hüquq-mühafizə orqanlarının konfransında İraq nümayəndə heyətinə rəhbərlik edən nazir deyib.

Bu gün Azərbaycan paytaxtında İslam konfransı təşkilatına (İKT) üzv olan ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı işə başlayıb. 

Konfransda mütəşəkkil cinayətkarlıq, terrorizm və transmilli cinayətkarlıqla mübarizə ilə bağlı İKT üzv-ölkələrinin əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Nazir deyib ki, İraqda təhlükəsizliklə bağlı vəziyyət bir neçə il bundan əvvəl olan vəziyyətdən tam fərqlənir. Bu səbəbdən yerli hökumət altı il davam edən müharibə nəticəsində sıradan çıxmış ölkə iqtisadiyyatını dirçəltmək şansı əldə edib.

"İraqda ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya cəlb etməkdən ötrü bir sıra müəssisələr işə başlayıb. Ümid edirik ki, görülən tədbirlər yeni iş yerlərinin açılmasına səbəb olacaq və işsizliyin səviyyəsini azaldacaq", - Bahəddin qeyd edib. İraqda Azərbaycanla neft sahəsində əlaqələrin inkişafına ümid edirlər.

"Azərbaycan neft ölkəsi olaraq İraq üçün maraqlıdır. Biz qarşılıqlı ticarət, mədəniyyət və turizm sahəsində əlaqələrimizi inkişaf etdirə bilərik", -

iraqlı nazir bildirib.

Azərbaycan digər ölkələrlə birgə İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. 

Azərbaycan əsgərləri İraqa 2003-cü ildə göndərilib. Onların xidmət müddəti ötən ilin dekabrında başa çatıb.

İraqda beynəlxalq silahli QÜVVƏLƏR arasında Azərbaycan Silahlı Qüvvələrinin 150 əsgəri xidmət edib. / Trend News /


В этом разделе