100 minlərlə insan Hüsnü Mübarəkin istefasını tələb edir
Bu gün Misirin paytaxtı Qahirəsə Təhrir meydanında "Milyonların yürüşü" başlayıb. ANS PRESS BBC-yə istinadən xəbər verir ki, hazırda aksiyaya 50 minə yaxın adam toplaşıb. "Al Jazeera" telekanalının məlumatına görə isə mitinqdə 100 min nəfər nümayişçi iştirak edir.
BBC-nin məlumatına görə, bugünki etiraz aksiyası əvvəlkilərdən fəqli olaraq daha yaxşı təşkil edilib.
"Burada qadınlar və kişilər üçün ayrı-ayrı növbələr var. Daxil olanların hamısını yoxlayırlar. Ərazidə hərbi patrullar var. İnsanlar şüarlar yazırlar, şəkil şəkdirirlər və mahnı oxuyurlar. Bu gün əvvəlki günlərə nisbətən adam sayı daha çoxdur", deyə şahid bildirib.
Qeyd edək ki, müxalifət bugünki yürüşün indiyədək ən kütləvi olacağını bildirərək, yürüşü "milyonların yürüşü" adlandırıb. Hakimiyyyət isə, öz növbəsində, regionlardan insanların gəlməsinin qarşısını almaq üçün artıq bütün iri magistral yolları bağlayıb, dəmiryol nəqliyyatı dayandırılıb.
Misir hökuməti həmçinin ölkə ərazisində media blokadası yaradıb. Bir neçə telekanalın yayımlanmasına qadağa qoyulub. İnternetə çıxış bir neçə gündür məhdudlaşdırılıb, lakin hökumətin İnternetin işini tamamilə dayandırmaq cəhdi baş tutmayıb. Beynəlxalq axtarış sistemi "Google" bununla razılaşmayıb. Məsələn, "Google" bütün Misir əhalisinə məşhur sosial şəbəkə "Twitter"ə bilavasitə çıxış təmin edib. Misir hökuməti müxalifət tərəfdarlarının məhz bu cür sosial şəbəkələr vasitəsilə bir-biri ilə əlaqə yaradaraq, kütlə halında toplaşmasından ehtiyat edir.
Qahirədə asayişi isə əvvəlki kimi ordu və könüllü drujinaları qoruyur. Misirin ordu rəhbərliyi isə nümayişlər zamanı hərbçilərin nümayişçilərə qarşı güc tətbiq etməyəcəyini bəyan edib. Misirin İsrail ilə sərhədində demilitarizasiya zonası olan Sinay yarımadasına son 30 ildə ilk dəfə az sayda Misir qoşunları yeridilib. 800 əsgərdən ibarət kontingent Misirin yarımadada yerləşən kurort şəhərlərində asayişi qoruyacaq. İsrail tərəfinin qoşunların yeridilməsinə razılıq verdiyi bildirilir.
Qeyd edək ki, etiraz aksiyalarının bu gün Qahirə ilə yanaşı, İsgəndəriyyə kimi iri şəhərlərdə də davam edəcəyi gözlənilir.
Misirdə artıq 7 gündür davam edən nümayişlər nəticəsində siyasi böhranla yanaşı, çörək böhranı da yaranıb. Çörəyin qiymətinin artması ilə əhali, kasıblar üçün nəzərdə tutulmuş və çörəyi ucuz qiymətə satan dövlət çörəkxanalarına üz tutub. Xalqın tələbatını ödəyə bilməyən çörəkxanaların önündə uzun növbələr yaranıb. Bu çörəkxanalarda kiçik təndir çörəklərinin 50 ədədi 1 dollara satılır. Paytaxt Qahirə başda olmaqla, ölkədə süd, yumurta, göyərti və meyvə qıtlığı da hiss edilməyə başlayıb. Çörək və ərzaq qıtlığının yaranmasına nümayişlərlə əlaqədar xalqa küçələrə çıxmamaq göstərişi verilməsi səbəb olub.