İsrail yenə Qəzzanı vurdu

Rafah şəhərinə havadan hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

İsrail hərbi-hava qüvvələrinin döyüş təyyarələri Qəzza zolağının cənubundakı Xan Yunis və Rafah şəhərlərinə havadan zərbə endirib. Xan Yunis şəhərində əkin sahələri hədəfə alınıb. "ANS PRESS"in məlumatına görə, xəsarət alanların olmadığı bildirilir. Rafah şəhərində tunellərə edilən havadan hücum nəticəsində isə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daha 1 nəfər isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, fələstinlilər Rafah şəhərindəki tunellərdən Misirdən Qəzza zolağına mal çatdırılması üçün istifadə edirlər. İsrail hərbi təyyarələrinin hələ də Qəzza zolağı üzərində uçduqları bildirilir. Sakinlər yeni hücumların olacağından ehtiyat edirlər.

İsrail hökumətinin nümayəndələri isə reyddən əvvəl bəyan ediblər ki, Qəzza zolağından İsrailin cənubuna raket buraxılıb, xəsarət alan olmayıb. Rəsmilər iddia ediblər ki, İsrail hərbi-hava qüvvələrinin hücumu məhz buna cavab olub.

Qeyd edək ki, İsrail və Fələstin arasında birbaşa danışıqların başladığı vaxtdan bu, ilk belə silahlı münaqişədir.

В этом разделе