London məhkəməsi İsrailin keçmiş xarici işlər naziri haqqında həbs qərarı çıxarıb
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Westminster məhkəməsi İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni barəsində müharibə cinayətləri ilə bağlı həbs qərarı verib. Məhkəmənin qərarı İsrailin Qəzzaya hücumu zamanı öldürülən şəxslərin yaxınlarının şikayətlərindən sonra verilib.
İsrail isə İngiltərənin Tel-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, həbs qərarını pisləyib. İsrail Xarici İşlər Nazirliyinin Avropa üzrə müşavirin köməkçisi Naor Gilon səfirə bildirib ki, hökumətinə, Qəzzadakı müharibə zamanı törədilən cinayətlərlə bağlı İsrailin rəsmi şəxsləri barədə bu cür məhkəmə qərarları çıxarılmasına imkan verən qanunların dəyişdirilməsinin lazım olduğunu çatdırsın.
İsrail Xarici İşlər Nazirliyi ingilis hökumətini gülünc vəziyyətə son verməyə çağırıb, əks halda bunun nəticəsindən iki ölkə arasındakı əlaqələrin zərər görəcəyini ifadə edib. Nazirliyin verdiyi bəyanatda bildirilir ki, bu cür həbs qərarları İngiltərənin Yaxın Şərqdəki sülh danışıqlarındakı roluna zərər verə bilər.
İsrail Baş naziri Benyamin Netanyahu da öz növbəsində bildirib ki, ölkə liderlərinin günahkar kimi xarakterizə edilməsini əsla qəbul etməyəcək. O, Qəzza müharibəsi dövrünün liderləri Ehud Olmert, Ehud Barak və Tsipi Livninin təqsirli kürsüsünə çağırıldıqları bir vəziyyəti qəbul etməyəcəklərini ifadə edib və eyni zamanda İsrail əsgərləri üçün də belə bir vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.
"İngiltərədə baş verən bu axmaqlığı tamamilə rədd edirik", deyə Netanyahu qeyd edib. /anspress/