Hər 3 yəhudi pilotdan 1-i vətəninə qayıtmayacaq
İsrailin Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Beni Qansın fikrincə, onun ölkəsi bu yaxınlarda bir, ya da bir neçə dövlətlə müharibəyə başlayacaq.
İshaq Rabininin ölümünün 16-cı ildönümü ilə bağlı tədbirdə çıxış edərkən general Qans İranla müharibəni "qaçılmaz" adlandırıb.
"Bölgədəki geosiyasi vəziyyəti azacıq təhlil edə bilən hər insan bunu anlayır. İran rəhbərliyinin aqressiv bəyanatları və ambisiyaları bizə başqa çıxış yolu qoymur. Çox yəqin ki, bu yaxınlarda var qüvvəmizi cəmləyərək, ölkəmizi qorumaq üçün ağır müharibə aparmalı olacağıq", - general Qans deyib.
Milli.Az xəbər portalı "La Repubblica"ya istinadən bildirir ki, İsrail İrana zərbə endirmək üçün artıq "uçan armada" hazırlayıb.
İsrail müstəqillik uğrunda mübarizədən sonra ən ağır və cəsarətli hərbi əməliyyatı həyata keçirmək üçün İranı 100 təyyarə ilə vurmaq niyyətindədir.
İordaniya və Səudiyyə Ərəbistanının hava sərhədlərini pozaraq İran tərəfə yönəlməzdən əvvəl israilli pilotlar ailələri və vətənlə vidalaşacaqlar. Çünki hərbi mütəxəssislərin hesablamalarına görə, İsrailin hər 3 pilotundan biri geri dönməyəcək.