İsrailin sabiq Misir səfiri Zvi Mazel ölkəsini çətin günlər gözlədiyini deyib
İsrailin sabiq Misir səfiri Zvi Mazel Hüsnü Mübarəkin istefasından sonra ölkəsini çətin günlər gözlədiyini deyib. “Qurtardı! Misir artıq regionun super dövləti deyil. Türkiyə ilə İran inkişaf edərkən Misir bölgədə olan mövqeyini itirəcək”.
ANS PRESS-in "Anadolu" xəbər agentliyinə istinadlı xəbərində deyilir ki, Mübarəkin olduğu dövrdə İsrailin regiondakı münasibətlərində hər hansı bir boşluq olmadığını deyən Zvi Mazel başlarının dərddə olduğunu deyib.
Mazel növbəti mərhələdə Misirdə parlamentin buraxılıb yeni seçkilər keçiriləcəyini, təbii olaraq müxalifətin də bu seçkidə iştirak edəcəyini və “Müsəlman qardaşlar”ın aktiv mövqedə olacağını deyib.
İsraillə Misir münasibətlərinin taleyi barədə fikir irəli sürməyin çətin olduğunu deyən keçmiş diplomat marşal Məhəmməd Hüseyn Tantavinin de-fakto rəhbər olacağını bildirib. “Tantavi yaxşıdır. Amma strateji vəziyyət bizim bilmədiyimiz qüvvələrdən meydana gəlir. Çox güman ki, ordu İsraillə olan sülh razılaşmasına davam edəcək. Amma bilmədiyimiz hadisələr də baş verə bilər”.