TBMM-də çıxış edən Rəcəb Tayyib Ərdoğan çıxışı çərçivəsində regionda baş verən son hadisələrə də toxunub
"TRT-3" telekanalı ilə canlı yayımlanan çıxışında Ərdoğan Hüsnü Mübarəkə səslənib.
"Biz qardaş xalqların zərər görməməsi üçün bu günə qədər səy etdik, bundan sonra da səy edəcəyik. Tarixdə təzyiqlə idarə edilən heç bir dövlət yoxdur. Məzlumun ahı ahəstə də olsa, çıxmışdır. Xalqın demokratiya tələbinə heç kim biganə qala bilməz. Xalqa könlünü, gözünü, qulağını bağlayan rejimlər uzun müddət yaşaya bilməmişdir. Xalqa qarşı yönəlmiş heç bir iqtidar davam edə bilməz. Bizim təməl fəlsəfəmiz "vətəndaşı yaşat ki, dövlət yaşasın" fikirlərinə əsaslanır. Biz özümüz üçün azadlıq, rifah və demokratiya istəyiriksə, qonşu ölkələr üçün də onu istəyirik", - deyə bildirmişdir.
Sözlərinin davamında Hüsnü Mübarəkə birbaşa səslənən Ərdoğan, "Hüsnü Mübarəkə çox səmimi tövsiyə etmək istəyirəm: Biz faniyik. Hər birimiz öləcək və etdiklərimizə görə cavab verəcəyik. Qalacaq olan yer üzündə xoş bir səda qoymaqdır. Bizlər xalq üçün varıq. Sabah öldükdə cənazəmiz qarşısında din adamı prezident, dövlət rəhbəri, trilyader deməyəcək, əksinə, mərd, alicənab insan deyə bizi dəfn edəcək. Bizimlə birlikdə sadəcə kəfənimiz olacaq. Ona görə o kəfənin qədir-qiymətini bilməliyik. Onun üçün xalqın hayqırtısına, insani tələblərə cavab verin. Dəyişiklik arzusunu qəbul edin. Misir üzərinə qaranlıq çökməsinə fürsət vermədən, xalqı qane edən addımlar atın. Aylarla davam edən seçkilərin adı demokratiya ola bilməz. Biz 24 saata seçki keçiririk. Misir bir mədəniyyət ölkəsidir. Türkiyə olaraq qardaş Misir və Tunis xalqının yanında olmağa, sevinc və kədərlərini bölüşməyə davam edəcəyik", - deyə bildirmişdir./deyerler/