Ərdoğan: “Heç bir dövlət öz vətəndaşını bilərəkdən bombalamaz”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dekabrın 29-da İraqla sərhəddə Türkiyə qırıcı təyyarələrinin bombardmanı nəticəsində 35 kürd vətəndaşın ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərdoğan həlak olanların ailələrinə başsağlığı verib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi bölgə PKK terrorçularının İraqdan Türkiyəyə keçmək üçün tez-tez istifadə etdiyi ərazi olub: “Kəşfiyyat qurumlarımızın on gün əvvəl verdiyi bilgilər əsasında pilotsuz təyyarələrimiz bölgədə uçuş həyata keçirib. Hazırda bu təyyarələrin çəkdiyi 4 saatlıq görüntülər prokurorluq orqanları tərəfindən araşdırılır. Görüntülərdə 40 nəfərlik bir qrupun qatırlarla hərəkət etdiyi görülür. Amma onların birmənalı olaraq kim olduğunu söyləmək mümkün deyil”.

Vaxtilə bu ərazidən PKK-çıların Türkiyəyə silah daşıdığını və bunun qarşısı alınmadığına görə hökumətin tənqid olunduğunu xatırladan baş nazir Silahlı Qüvvələrin bu əməliyyatını “üzüntüverici bir nəticə” adlandırıb: “Heç bir dövlət öz vətəndaşını bilərəkdən bombalamaz”.

Xatırladaq ki, dekabrın 29-na keçən gecə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr ölkənin İraqla həmsərhəd Şırnak vilayətinin Uludərə rayonu ərazisini bombalayıb. Pilotsuz təyyarələr və termal kameralar İraq ərazisindən bir qrup adamın Türkiyəyə keçdiyini müəyyənləşdirdikdən sonra havaya qalxan hərbi təyyarələr PKK terrorçusu olduğu güman edilən şəxslərə zərbə endirib. Nəticədə 35 nəfər ölüb. Sərhəd kəndlərinin əhalisi ölənlərin terrorçu deyil, kəndlilər olduğunu bildirib. Bu şəxslərin İraqdan gizli yolla Türkiyəyə mazut gətirən qaçaqmalçılar olduğu xəbər verilir.

В этом разделе