İsmayıl Həniyyə hökuməti Qəzzada 13 min işsiz ailə üçün ərzaq bağlamaları hazırlayıb
Müxtəlif humanitar təşkilatlar tərəfindən göndərilən 75 min ton ərzaq bağlamalar şəklində qəzzalılara çatdırılacaq. "Azerimuslims"in "islamnews"a istinadən məlumatına görə, artıq əlcəzairli parlamentarilərin təşəbbüsü ilə hazırlanan ilk humanitar yardım daşıyan maşın karvanı Rəfəh sərhəd-keçid məntəqəsindən zolağa daxil olub. Fələstin mənbələrinin məlumatında dava-dərman və ərzaqdan ibarət yardımın ümumi dəyərinin 150 milyon ABŞ dolları təşkil etdiyi bildirilib. Həmçinin, məlumatda bir neçə ay sonra Əlcəzairin Qəzzaya əsasən məktəb və dəftərxana ləvazimatlarından ibarət daha iki humanitar yardım karvanı göndərəcəyi öz əksini tapıb.
Qeyd edək ki, Qəzza embarqosunun aradan qaldırılması üzrə Avropa kampaniyasının üzvü, “Hamı üçün qanun” assosiasiyasının sədri Ənvər Qərbi müsahibəsində isveçrəli parlamentarilərin zolağın mühasirəsinin aradan qaldırılması üçün aviareyslərin həyata keçirilməsi təklifi ilə çıxış etdiklərini bildirib.