Bəşər Əsədin ailəsi qaçmaq istəyib?

Suriyada Əsəd rejiminə qarşı qiyam qaldıran hərbçilərdən ibarət “Azad Suriya Ordusu” ilə təhlükəsizlik qüvvələri arasında ölkənin hər yerində qanlı döyüşlər gedir

Xarici KİV-lərin məlumatlarına görə, ötən bazar günü paytaxt Dəməşqin ətraf hissələrində “Azad Suriya Ordusu” ilə Əsədə sadiq ordu qüvvələri arasında döyüşlər qızışıb. Rejim əleyhdarları ötən həftə Dəməşqin 20 kilometrliyindəki Duma şəhərində nəzarəti ələ keçirmişdi.

Misirdə nəşr edilən “Al-Masry Al-Youm ” qəzetinin “Azad Suriya Ordusu”nun yüksək rütbəli zabitlərindən birinə istinadən yaydığı xəbərə görə, bazar günü Bəşər Əsəd ailə üzvlərini ölkədən çıxarmağa cəhd edib. Lakin rejimə qarşı döyüşən qüvvələr bu cəhdin qarşısını alıblar. Bildirilir ki, yanvarın 29-da axşam hökumət maşınlarından ibarət kortej Dəməşq beynəlxalq aeroportuna getmək istəyib. Lakin “Azad Suriya Ordusu”nun bölmələri kortejin qarşısını kəsiblər. Bu zaman güclü atışma başlayıb, korteji mühafizə edən prezidentin mühafizə xidmətinin döyüşçülərinin köməyinə hərbi vertolyot gəlib. Vertolyotun havadan dəstəyi sayəsində kortej geri dönüb və Dəməşqə, Bəşər Əsədin iqamətgahına qayıdıb. Atışma zamanı hər iki tərəfdən ölənlərin olduğu bildirilir.
Mənbənin bildirdiyinə görə, kortejdə Bəşər Əsədin arvadı Əsma Əsəd və uşaqları, anası Anisə Məhlufun, diktatorun qohumu Rami Məhluf və digərləri olublar. Rəsmi qaynaqlar bu məlumatı şərh etməsə də bazar günü axşam Dəməşqin ətraf hissələrində, o cümlədən aeroportun yaxınlığında “Azad Suriya Ordusu” ilə döyüşlərin olduğu təsdiqlənir. İnsan haqları müdafiəçilərinə istinadən xəbər verilir ki, bazar günü Suriyada, paytaxt ətrafındakı döyüşlərdə onlarla ölən olub. Əsədə sadiq ordu qüvvələrinin azı 16 hərbçi itirdiyi bildirilir. Hama, Homs, Dəraa, İdlib və digər şəhərlərdə isə təhlükəsizlik qüvvələri mülki əhalini qırmaqda davam edir. Son iki gün ərzində ölkədə ölənlərin sayı yüzlərlədir. Şəhərlərin küçələri cəsədlərlə doludur.
Dünən Suriya ordusu paytaxt Dəməşqin ətraf ərazisini üsyançı qüvvələrdən təmizləməyə başlayıb. Müxalifət nümayəndələrinin sözlərinə görə, əməliyyatda qoşun qüvvələri və tanklar iştirak edir, paytaxta şərq və şimal istiqamətlərdən bitişən ərazilər mərmi atəşinə tutulur. Məlumatlara görə, onlarla adamın həlak olduğu iddia edilir. Müxalifət fəalları baş verən hadisələri 10 ay ərzində davam edən hadisələr müddətində ən şiddətli döyüşləri kimi təsvir edirlər. Suriyada döyüşlərin şiddətlənməsi Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriyadakı müşahidə missiyasının işini dayandırması qərarına təsadüf edib. Suriyada qanlı qırğınların getdikcə güclənməsinə baxmayaraq, beynəlxalq birlik Əsəd rejiminə qarşı sərt qərarlar qəbul etməkdə acizdir. BMT Təhlükəsizlik Şurasında Rusiya əvvəlki kimi Əsəd rejiminə qarşı sərt addımları nəzərdə tutan qətnamə layihələrini veto edir. /Yeni Musavat/

В этом разделе