Bəşər Əsəd iğtişaşlardan bəri ilk dəfə mitinqdə göründü

Suriyada davam edən zorakılıq isə son sutka ərzində 46 can alıb

Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsədə dəstək nümayişi keçirilir. On minlərlə adam şəhərin mərkəzi meydanına axışıb. İzdiham qarşısına nadir hallarda çıxan Bəşər Əsəd gözlənilmədən nümayişdə iştirak edib. Suriya bayraqları və Bəşər Əsədin portretlərini qaldıran nümayişçilər prezidentə dəstək nümayiş etdirən şüarlar səsləndiriblər- "anspress" "accociated press" agentliyinə istinadən məlumat verir.

Bu arada, insan haqları müdafiəçilərinin məlumatına görə, bu gün Dəməşq yaxınlığında hərbi avtobusun partlaması nəticəsində Suriya ordusunun 4 hərbçisi ölüb. Daha 8 nəfər də yaralanıb. Rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Suriya rəhbərliyi partlayışın terror qruplaşmaları tərəfindən həyata keçirildiyini iddia edir. Anti-hökumət nümayişçiləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar da davam edir. Hama şəhərində baş verən iğtişaşlar nəticəsində bu gün 4 nəfər öldürülüb.

İnsan haqları müdafiəçiləri dünən Hama, Homs və digər şəhərlərdə 3-ü uşaq olmaqla, 38 nəfərin öldürüldüyünü bildirir. BMT-nin hesablamalarına görə, ötən ilin martından Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlərdə 5000-dən 6000-dək adam ölüb. Ərəb Ölkələri Liqasının Suriyaya müşahidəçi qrupu göndərməsindən bəri isə 400-dən çox adamın öldürüldüyü bildirilir.

В этом разделе