Ayalon: “Biz Ərdoğana deyil, Ərdoğan bizə güzəştə getməyə məcbur qaldı”

"Bu üzr mətni bizdə artıq çoxdan hazırlanıb. Lakin, Ərdoğan bunlarla razılaşmırdı"

İsrail xarici işlər nazirinin keçmiş müavini, bir vaxtlar Türkiyə səfirini alçaq stulda oturtmaqla onu alçatmış və bununla da Türkiyə-İsrail əlaqələrində gərginlik yaratmış Dani Ayalon İsrailin Türkiyədən üzr istəməsi ilə əlaqədar çıxış edib. O, ölkənin keçmiş xarici işlər naziri, hazırda Knessetin beynəlxalq əlaqələr və müdafiə komissiyasının rəhbəri Aviqdor Libermanın Türkiyədən üzr istənilməsini tənqid etməsini, düzgün olmayan ifadə kimi dəyərləndirib, - "Deyerler" “MigNyus”a istinadən xəbər verir.

Ötən gün Aviqdor Liberman baş nazir Binyamin Netanyahonun Türkiyədən üzr istəməsini kəskin tənqid edib. Onun sözlərinə görə, “Mavi Mərmərə” qətliamına görə Türkiyədən üzr istəmək böyük səhv olub və rejimin imicinə zərbə vurur. Dani Ayalon isə bildirib ki, Libermanın bu etirazının heç bir mənası yoxdur və bir neçə belə ifadədən sonra Libermanın artıq siyasətdə yeri qalmayacaq.

“Türkiyədən üzr istəməyin İsrailin milli alçaldılması ilə heç bir əlaqəsi yoxdur. Bu üzr mətni bizdə artıq çoxdan hazırlanıb. Lakin, Ərdoğan bunlarla razılaşmırdı. İndi isə artıq Ərdoğan bunlarla razılaşmaq məcburiyyətində qalıb”, - deyə Ayalon vurğulayıb.

В этом разделе