Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə Suriyaya silah göndərmir.
İslamazeri.az-ın verdiyi məlumata görə, bəyanat BBC-nin Ukrayna istehsalı olan və Səudiyyə Ərəbistanına göndərilmiş silahların Hələb şəhərində Suriya üsyançılarının əlində olmasının mümkünlüyünə dair təhqiqatından sonra verilib.
"Ukrayna Suriyaya belə malların təchizatını həyata keçirməyib və keçirmir", - XİN nümayəndəsi Aleksandr Dikusarov deyib.
O əlavə edib ki, Ukrayna 2010-cu ildə "beynəlxalq tələblərə və milli prosedurlara tam uyğun şəkildə" Səudiyyə Ərəbistanına hərbi malların göndərilməsi barədə müqavilə imzalayıb.
Ukraynada istehsal olunmuş silahların Suriya üsyançılarının əlinə necə keçməsi barədə sualı cavablandıran XİN sözçüsü deyib: "Biz bu yükün Səudiyyə Ərəbistanı və ya digər müqavilə tərəfindən alınmasından sonra necə istifadə edilməsinə dair heç bir fərziyyə irəli sürə bilmərik".
Qutular
BBC News Səudiyyə Ərəbistanı ordusundan Suriya üsyançılarına göndərildiyini göstərən silah qutularını aşkar edib.
Ukraynadakı silah istehsalçısından Səudiyyə Ərəbistanının Müdafiə və Aviasiya nazirliyinə göndərildiyini göstərən üç qutu Hələb şəhərində üsyançıların istifadə etdiyi bazada görülüb.
Qutuların Hələb şəhərinə necə çatdığı məlum deyil və BBC-ə onun içərisindəkiləri videolentə almaq icazəsi verilməyib. Səudiyyə Ərəbistanı məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Ukraynanın donanma silahı və raket kompleksləri istehsalında ixtisaslaşmış Dastan şirkəti tərəfindən hazırlanan silah qutuları Hələb məscidində tapılıb. Qutuların içərisində nə olduğu və onların üsyançıların bazasına necə çatdığı məlum deyil, BBC müxbiri İan Pannell Hələbdən xəbər verir.
Ancaq onların mövcudluğu göstərir ki, Körfəzdə kimsə üsyançılara Prezident Bəşər əl-Əsədi devirməyə yardım edir, müxbirimiz deyir.
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardnerin fikrincə, Səudiyyə Ərəbistanı öz xarici siyasətində əsasən səhnə arxası hərəkətlərə üstünlük verir.
Suriya məscidində Səudiyyə silahlarının tapılması onun üçün xoşagəlməyən diqqət cəlb edə bilər, o deyir.
Müxalifət qüvvələri BBC-ə deyib ki, onlar Səudiyyə Ərəbistanı və Qətərdən yardım alırlar.
New York Times xəbər verir ki, Səudiyyə və Qətər rəsmiləri üsyançılara kiçik silahlar göndərsələr də, böyük avadanlıqlar, məsələn çiyin raketləri göndərmirlər.
Səbəbi isə odur ki, ABŞ onların silah göndərməsini istəmir, çünki silahların terrorçuların əlinə keçəcəyindən ehtiyat edir, qəzet yazır.