Türkiyədə ermənilərin öldürdüyü insanların kütləvi məzarlıqları tapıldı .

Türkiyədə erməni daşnaklarının mülki şəxslərə qarşı soyqırımın sübut edən kütləvi məzarlıqlar aşkarlanıb. 

 

Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Qars Muzeyi və Qafqaz Universiteti tərəfindən formalaşdırılan 21 nəfərlik heyət Ərdahan və Vanda qazıntı işlərini yekunlaşdırıblar. 


Qars Muzeyinin müdiri Necmettin Alp deyib ki, Ərdahanın Halil Efendi məhəlləsində və Yanık Cami bölgəsində erməni daşnaklarının 1915-ci ildə öldürdükləri müsəlman türklərə aid 8 skelet tapılıb. Bu skeletlər üzərində antropoloji araşdırma aparılacaq. 


Vanın Gevaş rayonunun Yanıkçay kəndi ərazində aparılan qazıntı işləri zamanı da 1915-ci ildə bölgədə daşnaklar tərəfindən qətlə yetirilən və kütləvi məzarlığa basdırılan türklərin cəsədləri aşkarlanıb. Arxeoloq, professor Cevat Başaran bildirib ki, daşnaklar qadın, qoca və uşaq olmaqla, öldürdükləri türkləri sonradan 3 böyük çuxurda basdırıblar. Təkcə 1 çuxurda 25 skelet tapılıb. Digər məzarda 150 skelet olduğu ehtimal edilir. 


Sevat Başaran qeyd edib ki, rəsmi sənədlərə görə, daşnaklar bölgədə 500 türkü qətlə yetiriblər və digər kütləvi məzarlıqların da tapılması istiqamətində gələcəkdə işlər davam etdiriləcək: “Bu məzarlıqlarda qadın, uşaq, kişi cəsədləri üst-üstə yığılıb... Üzərilərində paltar parçaları, paltarlarının düymələri, bilərzik və üzükləri, ayaqqabı parçaları, baş örtükləri var. Türk olduqları birmənalıdır. Bu, onların kütləvi qətlə yetirildikdən sonra kütləvi şəkildə basdırıldıqlarını göstərir. Bu insanlar süngü ilə qətlə yetiriliblər”.

В этом разделе