Türkiyə Xarici İşlər nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına cavab verib.
313news.net saytının ANSPRESS-ə istinadən verdiyi məlumata əsasən Türkiyə XİN-in rəsmi saytında Ermənistan prezidentinin hərəkəti məsuliyyətsizlik kimi dəyərləndirilib. “Ermənistanda 25 iyul 2011-ci il tarixdə keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin verdiyi suala prezident Serj Sarkisyanın verdiyi cavabı şiddətlə qınayırıq.
Öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və refah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir.
Regionda sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.
Regionda sülh, əminamanlıq və istiqrarın hakim olunması üçün səy göstərən hər kəsin Sarkisyanın təəssüflə qarşıladığımız sözlərindən lazımi nəticəni çıxaracağına inanırıq”.