İngiltərənin “Sandi Tayms” qəzetində dərc olunan xəbərə görə, Taliban hərəkatının
lideri Molla Məhəmməd Ömər hökumətlə danışıqlara başlanılmasına razılıq verib.
“İslamonline.net” informasiya portalında yerləşdirilən məlumata əsasən isə tərəflər
arasında vasitəçi rolunda Səudiyyə Ərəbistanı rəsmiləri çıxış ediblər.
“Bu, tam məxfi bir məlumat idi. Ancaq bizim Molla Ömərin ən yaxın ətrafı, eləcə
də onun cəbhə xəttindəki komandirləri ilə əlaqələrimiz var. Artıq böyük bir
addım atılıb. Belə ki, tərəflər ilk dəfədir ki, danışıqların keçirilməsi barədə
razılığa gəliblər” – deyə Londonda yaşayan və vaxtilə Üsamə bin Ladenə
yaxınlığı ilə tanınan Abdullah Ənəs bildirib.
Qəzetin xəbərinə görə, sözügedən razılığın əldə olunmasında ən böyük pay sahibi
ABŞ prezidenti Barak Obamadır. Belə ki, o, bir müddət əvvəl çıxışlarının birində
Birləşmiş Ştatların rəhbərliyi ilə NATO qüvvələrinin Əfqanıstanda aparılan
müharibədə qələbə qazana bilməyəcəyini deyərək, Talibanın “mülayim” qanadı ilə
danışıqlara başlamağa hazır olduğunu qeyd etmişdi.
media-islam.com