Tacikistanda keçirilən xüsusi əməliyyat nəticəsində qanunsuz silahlı birləşmənin 30 üzvü məhv edilib, 40 nəfər isə saxlanılıb. Bu barədə APA Tacikistanın «Xovar» agentliyinə istinadən məlumat verir.
Məlumata görə, saxlanılanların 8 nəfəri Əfqanıstan vətəndaşıdır. Əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının 12 əməkdaşı həlak olub, 23 nəfəri isə yaralanıb. Məlumatda dinc əhali arasında itkilərin olmadığı bildirilir.
Ölkənin şərqindəki Dağlıq Bədəxşan muxtar vilayətinin mərkəzi Xoroq şəhərində xüsusi əməliyyat dünən başlayıb. Əməliyyatın Milli Təhlükəsizlik üzrə Dövlət komitəsinin idarə rəisi general-mayor Abdulla Nəzərovu qətlə yetirmiş cinayətkar qrupun neytrallaşdırılması məqsədilə həyata keçirildiyi elan edilib. Cinayətkar qrupa Xoroq şəhər sakini Talıb Ayyombekovun başçılıq etdiyi bildirilib.
Qərb agentlikləri isə xüsusi əməliyyat nəticəsində yüzlərlə insanın öldüyü barədə məlumat yayıblar.