Almaniya mətbuatında Azərbaycanla bağlı yayılan neqativ məlumatlar Almaniya hökumətinin mövqeyini əks etdirmir.
313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu I Azərbaycan-Şimali Reyn-Vestfaliya biznes-forumunda çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle salamlama nitqində bildirib.
Onun sözlərinə görə, “Eurovision” mahnı yarışması ərəfəsində mətbuatda Azərbaycanla bağlı kampaniya başlayıb və burada neqativ məlumatlar əksini tapıb: “Amma bu, Almaniya hökumətinin fikri deyil. Prezident Vulfun istefası ilə bağlı baş verənlər göstərdi ki, Almaniyada hökumət mətbuatı təsir altında saxlaya bilmir. Məsələn, “Spiegel” kimi jurnala təsir etmək mümkün deyil. Əksinə, bəzən mətbuat siyasətçilərə təsir edib onların fikrini dəyişə bilir”.
Səfir qeyd edib ki, Almaniya federal hökuməti Azərbaycanla əlaqələrin bundan sonra da bütün sahələrdə genişləndirilməsində maraqlıdır: “O cümlədən iki ölkə arasında tarixi-mədəni əlaqələrin genişləndirilməsinə çalışır. Biz hesab edirik ki, Azərbaycan hökuməti də bu mövqedədir”.