Rusiya İrana yardım əlini uzatdı

Rəsmi Moskva Tehrana terrorçuluqla mübarizədə əməkdaşlıq təklif edir Rusiya prezidenti Dmitri Medvedev İranda baş verən terror hadisəsini pisləyib, terrorçuluq və ekstremizmlə mübarizədə Tehranla əməkdaşlığa hazır olduğunu bildirib. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Medvedevin İran prezidenti Mahmud Əhmədinejada yazdığı məktubunda bildirilir.

"Hesab edirik ki, terrorçuluq və ekstremizmlə mübarizə bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bu təhlükələrlə mübarizədə İranla əməkdaşlığa hazırıq", - deyə məktubda bildirilir.

Xatırladaq ki, şənbə günü İranın cənub-şərqində yerləşən Sarbaz şəhərində terror aktı törədilib. Hadisə nəticəsində 49 nəfər həlak olub.

Terror qurbanları arasında İslam İnqilabı Keşikçiləri Qvardiyasının bir neçə yüksək vəzifəli generalının olduğu bildirilir. Onlar sünni və şiə icmaları nümayəndələrinin müşavirəsində iştirak ediblər. Hadisə terrorçunun özünü iclasın keçirildiyi zalın qapıları önündə partlatması nəticəsində baş verib.

Yayılan məlumatlara görə, terror aktını "Cundallah" adlı qruplaşma öz üzərinə götürüb. BBC-nin verdiyi xəbərə görə isə, hadisəyə görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

Onu da bildirək ki, İran ötən gün baş verən terror aktı ilə əlaqədar olaraq Pakistandakı yüksək çinli nümayəndəsini geri çağırıb. “Reuters”in məlumatına görə, İslam Respublikası bu addımını hadisədə Pakistandan İrana gələn qrupun iştirak etməsilə izah edib. /anspress/

В этом разделе