Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ilə əlaqədar yayılmış məlumatlarla bağlı aprelin 30-da Buxarestdə türksoylu toplumun tədbirində qəbul olunmuş müraciəti Dünya Türk İş adamları Avropa və Balkanlar Regionl komitəsinin və Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatasının sədri, nüfuzlu iş adamı, Azərbaycanın yaxın dostu cənab Tamer Atalay imzalayıb.
Azərbaycanın Rumıniyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, müraciətdə Türkiyə ilə Ermənistanın sərhəd qapılarının açılması mövzusu Azərbaycanın toplum olaraq, duyğusal təpkilərinə və üzüntülərinə səbəb olduğu qeyd olunur.
Müraciətdə deyilir: “Bu, Rumıniyada yaşayan bütün türk toplumuzu, qürbətdə yaşayaraq eyni dili, eyni ənənələri, ortaq tarixi və mədəniyyəti paylaşan və hər zaman bir-birinə dəstək olmuş, burda bir ailə kimi yaşayan türklərin, azərbaycanlıların, tatarların üzüntüsünə səbəb olmuşdur…”
Türklüyün atası sayılan “Kitabi-Dədə Qorqud”un, müqəddəs Quranın, Avstriya alimi Erix Fayqlın erməni riyakarlığını ifşa edən əsərinin və digər qiymətli kitabların rumıncaya məhz Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə və burda fəaliyyət göstərən Azərbaycanın mədəniyyət assosiasiyaları tərəfindən çevrildiyi vurğulanan müraciətdə xüsusi olaraq qeyd olunur ki, “Rumıniyada azərbaycanlı qardaşlarımız bütün siyasi və mədəni tədbirlərimizə qatılaraq hər zaman bizə dəstək olmuşlar… Nuru Paşa türk ordusunun ən acı və sıxıntılı günlərində qardaş Azərbaycanın köməyinə gəldiyi kimi, gənc Türk Cümhuriyyətinin ən çətin günlərində də ulu öndər Mustafa Kamal Atatürkə ən böyük dəstək Azərbaycandan gəlmişdir. Azərbaycanlı gənclərin türk ordusuna könüllü qatılaraq Çanaqqalada şəhid olduqlarını da bilirik…”
Türkiyə ilə Azərbaycanın bütün tarix boyu hər zaman və bu gün də dost və qardaş xalqlar kimi yaşadığını önə çəkən Tamer bəy belə bir vəziyyətdə Türkiyənin Ermənistanla sərhəd qapılarını açmaq mövzusunda polemika aparmasını anlamaqda çətinlik çəkdiyini, əvvəlki iqtidarların yanlış siyasəti nəticəsində qardaş Özbəkistanla hələ da qapanmayan yara açıldığını vurğulayaraq, bu yanlış siyasətin davam edəcəyi təqdirdə Azərbaycanın itiriləcəyini və bu itkinin Türkiyə üçün bütün türk dünyasını itirmək qədər ağır olacağını əsaslandırır.
Azərbaycanı Türkiyə üçün bütün Orta Asiyaya açılan bir qapı kimi dəyərləndirən Tamer bəy diqqəti real faktlara cəlb etməklə müraciəti aşağıdakı sözlərlə bitirir:
“Sayın Baş nazir, sizlərdən xahişimiz budur ki, ən qısa zamanda Azərbaycana gedib heç bir təzyiqin və heç bir qüvvənin Azərbaycanın Qarabağ problemi həll edilmədən o qapını Türkiyəyə açdırmaq zorunda olmadığını bütün dünyaya bəyan edəsiniz. Bu qapı bu günə qədər bir millət iki dövlətin ortaq üzüntü və sıxıntılarının rəmzi olub, gələcəkdə də ortaq sevincin rəmzi olmasını diləyirik”.
Elxan SALAHOV
LENT.AZ
Rumıniyadakı türk toplumu Ərdoğana müraciət etdi
Rumıniyada yaşayan 110 min nəfərlik türk toplumu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.