Quantanamodan daha bir məhbus azadlığa buraxıldı

"Dünya Bulteni" saytının verdiyi məlumata görə 7 ildir Amerikanın Quantanamo həbsxanasında məhkum olan Yəmənli həkim Aymen Səid Bətarfi azadlığa buraxılıb.

Həbsxana rəsmilərinin dediyinə görə Səid Bətarfinin ölkəsinə göndərilib-göndərilməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Aymen Səid Bətarfi 2001-ci ildə Amerika əsgərləri tərəfindən Əfqanıstanda həbs edilmişdi. 2002-ci ildə isə Quantanamo həbsxanasına gətirilmişdi.

İxtisasca həkim olan Səid Bətarfinin vəkili müvəkkilinin Əfqanıstanda humanitar yardım məqsədi ilə öz peşəsi ilə məşğul olduğunu deyib.

ABŞ prezidenti Barak Obama bir il ərzində boşaldacağını dediyi Quantanamoda hələ də 240 məhkum qalmaqdadır. Bunlardan altmışının öz ölkələrinə, qalanlarının isə digər ölkələrə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa İttifaqının Ədalət və Əlaqələr departamenti Quantanamodan azadlığa buraxılanların Avropaya gəlməsinin qadağan edilib-edilməməsi mövzusunu müzakirə edəcəkdi. İttifaq üzvilərinin fikrincə onların Avropaya buraxılmasının mənfi cəhətləri də ola bilər. ("Dəyərlər" AİN)


В этом разделе