Yusif Qərdavi, Bəhreyndə baş verən hadisələrlə əlaqədar şərh verib
İslam-Azeri.az İnternet qəzetinin Misir KİV-inə istinadən verdiyi xəbərə görə, Qərdavi bildirib ki, "Bəhreyndə davam edən etiraz aksiyaları digər ərəb ölkələrindəki nümayişlərdən fərqlidir, Bəhreyndəki nümayişçilər bütün Bəhreyn xalqını təmsil etmir".
Dünya Müsəlman Alimlər Birliyinin başçılığını da icra edən əl-Qərdavi bildirib ki, Bəhreyndə insanlar inqilab etmir və bu ölkədə olanlar Tunis, Liviya və Misirdəki etirazlara heç bənzəmir.
Bəhreyndə xarici güclərin nümayişlərdə təsirli olduğuna diqqət çəkən əl-Qərdavi, etriazçıların tələblərinin Bəhreyn xalqının hamısının istəklərini təmsil etmədiyini ifadə edib. Onun sözlərinə görə, Bəhreyndə şiələr ilə sünnilər arasına nifaq toxumları səpməyə çalışanlar var.
Xatırladaq ki, Qərdavi Misir vətəndaşıdır, onun 84 yaşı var, sünnidir.
Bəhreynə gəldikdə isə qeyd etmək lazımdır ki, bu cırtdan dövlətin cəmi 791 min (2009-cu il) əhalisi var. Onlardan 75 faizini şiələr təşkil edir. Lakin buna rəğmən uzun illərdir ki, dövlət totalitar rejim (sünni) tərəfindən idarə edilir. Küçələrə çıxan insanlar isə heç də yalnız məzhəbçi tələblərlə çıxış etməmiş, ölkədə demokratik islahatların aparılmasını tələb etmişdilər.