“Problem “Qurani Kərim”də deyil...”

Bütün Qafqazın şeyxi Allah-Təalanın rəhmət olaraq göndərdiyi “Qurani Kərim”dən və ya onun müəyyən surələrindən imtinanı yersiz və lazım olmayan iş adlandırıb. "Vəzifəsindən və mövqeyindən asılı olmadan, belə hesab edirəm ki, bu, bir nəfərin qərarıdır və həmin qərar bu yaxınlarda dəyişdirilə bilər”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Qurani Kərim”in 10-dan artıq surəsini ekstremist ədəbiyyat sırasına daxil edən Qazaxstan ədəiyyə nazirinin qərarını şərh edərkən bildirib.
A.Paşazadə Qazaxstan prezidenti Nursultan Nazarbayevi imanlı şəxs kimi tanıdığını deyərək, prezidentin bu məsələyə müdaxilə edəcəyini vurğulayıb. “Heç kəs unutmasın ki, assimlyasiya siyasəti yürüdən sovet rejimi zamanı islam dininə iman gətirən millətlər bu assimlyasiyadan məhz dini inancı hesabına xilas olub və həmin imanın kökündə isə yalnız və yalnız “Qurani Kərim” durur”, - deyə QMİ sədri mövqeyini bildirib. 
İndi bir sıra müsəlman ölkələrinin islam adı altında terror qurumlarından əziyyət çəkdiyini deyən A.Paşazadə buna görə Allah-Təalanın rəhmət olaraq göndərdiyi “Qurani Kərim”dən və ya onun müəyyən surələrindən imtinanı yersiz və lazım olmayan iş adlandırıb. “Problem “Qurani Kərim”də və ya onun surələrində yox, səhv təsəvvürlərlə doldurulan insanların düşüncə tərzi və baxışlarındadır”, - deyə A.Paşazadə problemin kökünə toxunub. 

Onun fikrincə, yaranan problem ən qısa müddətdə aradan qaldırılacaq. (Turan)

                                                                      islam-azeri.az

В этом разделе