Pakistan NATO-ya qarşı kəskin əks-tədbirlərə başladı
Milli.Az xəbər portalı "Asia Times"a istinadən bildirir ki, Pakistan ordusunun komandanı, general Əşfak Kəyaninin əmri belədir. Əmr NATO-nun Əfqanıstandakı hərbi kontingentinin Pakistanın blok-postuna raket zərbələri endirməsi və nəticədə 25 pakistanlı əsgərin həlak olması ilə bağlıdır.
"Belə hallarda hərbçilər komandanlığın əmrini gözləmədən atəş açmaq hüququna malikdirlər. Sizə, hərbçilərə, tam hərəkət azadlığı verilir. Şimali Atlantika Alyansının hücumlarından qorunmaq üçün silahları özünüz seçə bilərsiniz. Əmin olun ki, bizə hücum edənlər cavabsız qalmayacaq", - Kəyaninin Pakistan ordusunun hərbçilərinə ünvanlanmış bəyanatında deyilir.
Ötən şənbə günü NATO helikopterləri Pakistan blok-postunu atəşə tutmuşdular. ABŞ günahı boynuna almasa da, NATO sərhəddəki blok-postun vurulmasındla əli ola biləcəyini istisna etməyib.
Aviazərbəyə cavab orlaraq, Pakistan NATO-nun Əfqanıstandakı qoşunlarına yüklərin daşınması üçün istifadə olunan sərhəd keçidlərini bağlayıb, habelə, Belucistan vilayətindəki "Şəmsi" aviabazasından amerikalı hərbçilərin 15 gün ərzində çıxmasını tələb edib.
İslamabad ABŞ ilə hərbi və diplomatik əməkdaşlığa yenidən baxmaq niyyətindədir.
NATO günahını boynuna alsa da, rəsmi İslamabad bu üzrxahlıqları qəbul etməyib.