ABŞ prezidenti Barak Obama İrana qarşı əlavə, daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan müdafiə üzrə yeni qanun layihəsini imzalayıb
Milli.Az BBC-yə istinadən bildirir ki, sənədə əsasən, İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edənlərə qarşı Amerikanın maliyyə sistemi ilə əlaqə yasaqlanacaq.
Barak Obama deyib ki, sənədi imzalasa da, onda terrorçuluqda şübhəli bilinən xarici vətəndaşlara qarşı nəzərdə tutulan addımlarla razı deyil.
“Sənədi bütövlükdə imzalamam faktı onun bütün müddəaları ilə razı olduğumu göstərmir”.
Yeni qanun layihəsinin təsdiqlənməsi İranla əlaqələrin gərginləşməsinə təsadüf edir.
Bir neçə həftə bundan əvvəl Amerika İranın neft sənayesini hədəfləyən sanksiyalar qəbul edib.
Körfəzdə hərbi manevrlər keçirən Tehran yeni sanksiyalar təqdirində əsas neft ixracı marşrutu olan Hörmüz boğazının bağlanılacağına dair xəbərdarlıqla çıxış edib.
ABŞ administrasiyası ehtiyat edir ki, İranın enerji sektoruna qarşı daha sərt sanksiyalar neft bazarlarında sabitliyi pozaraq potensial müttəfiqləri uzaqlaşdıra bilər.
Amerika və onun müttəfiqləri İranı nüvə silahı əldə etmək cəhdində təqsirləndirirlər.
Tehran yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.