NATO Liviyada yerüstü əməliyyatlara başlayır?

Qəzzafinin öldürüldüyü iddia edilir

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı üsyançıların və NATO komandanlığı altında beynəlxalq koalisiyanın hərbi əməliyyatları davam edir. Diktatora sadiq silahlılar ölkənin üçüncü böyük şəhəri, müxaliflərin nəzarətindəki Misrataya hücum etdiyi vaxt NATO aviasiyası Qəzzafinin son qalası adlandırılan paytaxt Tripoliyə hava zərbələri endirib.

 

Son zamanlar Liviya paytaxtının bombalanması mütəmadi xarakter almağa başlayıb. Yayılan məlumatlara görə, ötən gün NATO-ya aid qırıcıların endirdiyi hava zərbərləri zamanı şəhərin müxtəlif bölgələrində ən azı 8 güclü partlayış eşidilib. Zərbələrin hədəfi Liviya diktatoru Müəmmər Qəzzafinin iqamətgahı olub.

Bombardmanlar nəticəsində hərbi əhəmiyyəti olmayan bir necə bina zərər çəkib. Bombalardan biri xarici jurnalistlərin yaşadığı otelin yaxınlığına düşüb, bundan başqa televiziya qülləsinin də hava zərbələrindən zərər çəkdiyi bildirilir.

Diktatora qarşı savaşan üsyançılar isə Misrata şəhərini Qəzzafi əsgərlərinə təhvil vermək fikrində deyillər. Üsyançılar yaxşı silahlanmış Qəzzafi əsgərlərinin hücumlarını dəf edərək onları Misratadan 30 km uzaqlaşdırmağı bacarıblar.

Bundan başqa NATO-dan verilən məlumatda bilridirilib ki, Liviyada “Birləşmiş müdafiəçi” əməliyyatında iştirak edən alyans ölkələrinə aid hərbi təyyarələr gün ərzində 159 uçuş həyata keçirib. Bu uçuşlar zamanı diktatorun əmrindəki əsgərlərin nəzarət etdiyi hərbi sursatla dolu 32 anbar, 5 raket buraxılış sistemi sıradan çıxarılıb.

Müəmmər Qəzzafi NATO-nun Liviyada yerüstü əməliyyatlara başlamaq ehtimalını nəzərə alaraq ölkədə irimiqyaslı səfərbərlik elan edib. Bu barədə “Aş-Şark al-Ausat” qəzeti Liviyanın yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb.

“Biz NATO-nun Liviyada yerüstü əməliyyata başlayacağını gözləyirik və hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq. Bu tədbirlər çərçivəsində qadın və uşaqların da orduya səfərbər olunması üçün tədbirlər görülür”,-deyə mənbə bildirib.

Liviya rəsmisinin sözlərinə görə, NATO hava zərbələri ilə Qəzzafini hakimiyyətdən getməyə məcbur edə bilməyib, bu isə alyans rəhbərliyini yerüstü əməliyyat aparmağa sövq edir.

Hərbi ekspertlərin hesablamalarına görə, Qəzzafiyə bağlı silahlı birləşmələrin şəxsi heyəti 800 min nəfəri keçir. NATO-nun yerüstü əməliyyatı ərəfəsində Liviya rəhbərliyi əhaliyə silah paylamaqla bu rəqəmi artırmağa çalışır. Son vaxtlar Liviya telekanalları xüsusi hərbi düşərgələrdə qadınların təlim keçməsinə dair kadrlar yaymağa başlayıb.

Onu da əlavə edək ki, mayın 1-də NATO qırcılarının bombardmanı nəticəsində Qəzzafinin 1 oğlu və 3 nəvəsinin həyatını itirməsindən sonra diktator gözə dəymir. İtaliya mediası onun da həmin hücum zamanı öldürüldüyünü iddia edir. /Azadlıq qəzeti/

В этом разделе