Naməlum şəxslər Faxralı məscidini zəbt edib

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində tikintisi dayandırılan məscid naməlum şəxslər tərəfindən zəbt edilib.

Bu barədə Salamnews.org-un bölgədə ezamiyyətdə olan əməkdaşına kənd sakinləri məlumat veriblər. Faxralı sakini Məmmədalı Şərifovun sözlərinə görə, hər gün 2-3 nəfər gürcü millətindən olan gənclər 24 saat məsciddə keşik çəkirlər. Kənd sakinlərinin məscidin ərazisinə daxil olmasına icazə vermirlər. Həmin şəxslər bu iş üçün əmək haqqı aldıqlarını bildiriblər.

Kənd sakinləri hesab edirlər ki, bu işin arxasında Gürcüstan hakimiyyətinə müxalif olan Nino Burcanadze və onun partiyasına xidmət edən patriarx İkinci İliya dayanır. Onların sözlərinə görə, hətta qanunsuz tikinti adı altında məscidə görə 130 min lari cərimə də kəsilib.

“Axı bu necə qanunsuz tikili ola bilər ki, məscid təxminın 1890-cı illərdə inşa olunub. Xalq öz hesabına bərpa etmək istəyir. Bu barədə Gürcüstan hakimiyyətinin də xəbəri vardı. Hətta prezident seçkiləri ərəfəsində kəndə gələn Saakaşvili özü də bildirmişdi ki, məscidin açılışında şəxsən iştirak edəcək”,- deyə Məmmədalı Şərifov əlavə edib.

Məscidin tikintisinə mane olan şəxslərin kimliyini araşdırmaq məqsədilə yerli polis bölməsinə müraciət edilib. Kənd polisi Mamuko (soyadını deməyib) həmin şəxslərin kim olduğunu bilmədiyinə və ümumiyyətlə məscidlə bağlı hər hansı bir sualı cavablındırmaq istəmədiyini söyləyib.

В этом разделе