İranla Misir arasında martın 30-da bərpa edilmiş birbaşa uçuşlar bir həftədən sonra təxirə salınıb
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Misir Turizm Nazirliyinin sözçüsü Rəşa Əzizi bildirib ki, hazırda hər iki tərəfə uçuşlar tamamilə dayandırılıb: “Buna səbəb müəyyən partiyaların İran turistlərinin Misirə səfər etməsinə qarşı olmasıdır. Ona görə də Misirin turizm naziri Heşam Zəzo problemlərin aradan qaldırılması üçün həmin partiyalarla toplantı keçirmək niyyətindədir”.
Qeyd edək ki, bu il martın 31-də Tehran beynəlxalq hava limanından havaya qalxan, içərisində 50 iranlı turist olan sərnişin təyyarəsi Misirin Asvan şəhərinin aeroportuna enib. Martın 30-da da Qahirədən Tehrana hava reysi həyata keçirilib. Bundan sonra Tehrandan Misirin Qahirə, Luksor və Asvan şəhərlərinə uçuşlar həyata keçiriləcəyi bildirilirdi. Bununla bağlı razılaşma Misirin turizm nazirinin İrana səfəri çərçivəsində əldə edilmişdi.
İranla Misir arasında hava nəqliyyatı 1979-cu ildə rəsmi Qahirənin Təl-Əvivlə sülh müqaviləsi bağlamasından sonra dondurulub. Ancaq Hüsnü Mübarəkin devrilməsindən sonra İranla Misir arasında əlaqələr yenidən inkişaf etməyə başlayıb.
Xatırladaq ki, aprelin 5-də yüzə yaxın şəxs Qahirə şəhərində İranın Misirdəki müvəqqəti işlər vəkilinin iqamətgahına hücum edib. Onlar diplomatik korpusun binasına daş parçaları ataraq İranın müvəqqəti işlər vəkilinin ölkədən çıxarılmasını tələb ediblər. Bununla nümayişçilər İranla Misir arasında əlaqələrin normallaşdırılmasına dair hökumətin qərarına etirazlarını bildiriblər. Hətta onlar İranın Bəşər Əsədə dəstəyinə etiraz əlaməti kimi binanın üzərindəki İran bayrağını endirərək yerinə Suriya bayrağı asıblar.