"Biz tərəfləri əhali arasında düşmənçilik hissinin alovlandırılmasına yardım edən fəaliyyət və bəyanatlardan çəkinməyə çağırırıq"
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları bu gün Dublində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 19-cu iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat qəbul ediblər.
Trend-in xüsusi müxbirinin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenev Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin sülh yolu ilə nizamlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.
Onlar Helsinki Yekun Aktının əsas prinspilərinə, o cümlədən güc tətbiq etməməyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüquqlarına riayət etməyin vacibliyini vurğulayıblar.
"2011-ci ildə prezidentlərin Dovildəki bəyanatlarına istinad edərək, biz yenidən tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunması üçün qətiyyətli addımlar atmağa çağırırıq. Biz təəssüf edirik ki, 2012-ci il yanvarın 23-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatından hasil olan sülh prosesində sürətli irəliləyiş gözləntiləri həyata keçirilmədi. Bunun müqabilində tərəflər qarşılıqlı anlaşmaya əsaslanan saziş əldə etmək əvəzinə, çox vaxt danışıqlar prosesində birtərəfli üstünlük axtarıblar", - sənəddə deyilir.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri 1994-cü ildə bağlanan atəşkəs haqqında sazişə əməl etməyi davam etdirməyə çağırılırlar. Sənəddə qeyd edilir ki, hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz.
"Biz tərəfləri əhali arasında düşmənçilik hissinin alovlandırılmasına yardım edən fəaliyyət və bəyanatlardan çəkinməyə çağırırıq. Tərəflərin liderləri öz əhalilərini düşmən deyil, yenidən qonşu kimi, digər tərəfin mədəniyyətinə, tarixinə və ənənələrinə tam hörmət şəraitində yaşayacaqları günə hazırlamalıdırlar", - bəyanatda qeyd edilir.
Nümayəndə heyətlərinin başçıları Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2013-cü ilin əvvəlində Minsk qrpunun həmsədrləri ilə birlikdə münaqişənin nizamlanması yollarının müzakirəsinə hazır olmalarını alqışlayır.
"Bizim ölkələrimiz yenə də tərəflərə kömək etmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin üzərinə düşür", - Rusiya, ABŞ və Fransanin xarici siyasət qurumlarının başçıları qeyd ediblər.