"Bu, inkişaf nişanəsi deyil, passivlik və acizlik simvoludur”
“D-8” ölkələrinin liderlərinin zirvə toplantısında iştirak etmək üçün Pakistanda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad İsraillə HAMAS arasında atəşkəsin əldə olunmasına münasibət bildirib.
APA-nın məlumatına görə, M. Əhmədinejad deyib ki, bu razılaşmanın səmərəliliyinə şübhə ilə yanaşır: “İsraillə HAMAS arasındakı atəşkəsin əldə olunması xəbərini müsbət qarşılayıram, lakin bu barışığa o qədər də optimist baxmıram. Qəzzadakı zorakılığa son qoyulmasının yeganə yolu müsəlmanların birləşməsidir”.
İran prezidenti İsraili hədələməkdən də çəkinməyib: “Mən İsrailin yer üzündən silinəcəyinə tamamilə əminəm. İsrail bir zamanlar Nildən Fərata qədər ərazilərə, hətta İrana hakimlik etmək iddiasında idi. Hazırda isə Fələstin ərazilərində öz ətrafına beton divarlar çəkir. Bu, inkişaf nişanəsi deyil, passivlik və acizlik simvoludur”.