Bu gün AŞPA sessiyasının plenar iclasında Fələstin milli müxtariyyətinin başçısı Mahmud Abbas çıxış edib
APA-nın Avropa bürosunun məlumatına görə, Fələstin hökumətinin başçısı Avropa Şurası üzv dövlətlərini Fələstinin müstəqilliyini tanımağa çağırıb: “Bildiyiniz kimi, BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı qətnamədə iki dövlətin yaradılması qeyd olunub. Lakin bu dövlətlərdən birinə - İsrailə müstəqillik verildi, Fələstin isə bu imkandan məhrum edildi. Biz bura Fələstinə müstəqilliyin verilməsi üçün gəlmişik. Bu, beynəlxalq hüququn bizə verdiyi haqlı hüququmuzdur. Biz də digər dövlətlər kimi azad və layiq şəkildə yaşamaq istəyirik və heç kimi də izolyasiya etmək fikrimiz yoxdur. Biz hər iki xalqın gələcəyini dağıdan bu işğal və məskunlaşdırma siyasətindən Fələstin və İsrail xalqlarını azad etmək istəyirik. Əgər israillilər məskunlaşdırma və ya sülh arasında qalıblarsa, biz sülhü seçmişik. Siz Avropa ölkələri olaraq yazda başlayan və demokratiya, azadlıqlar istəyən ərəb dalğasına dəstəyinizi verdiniz. İndi isə Fələstin xalqı sizdən azadlıq və işğala son qoyulmasını istəyir. Biz sizin dəstəyinizə layiq bir xalqıq, sizə inamımızı itirmirik və bilirik ki, siz bizi darda qoymayacaqsız”.