London İsraili vandalizmdə ittiham etdi

Ötən gün Fələstinin prezidenti Mahmud Abbas Britaniyaya rəsmi səfər edib

Abbas öncə İngiltərə baş nazirinin birinci müavini Nik Kleqlə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Mahmud Abbas və Nik Kleq İsraili sərt tənqid atəşinə tutub- "anspress" xəbər verir.

Nik Kleq İsrailin Fələstin torpaqlarında yeni qəsəbə salma siyasətini davam etdirməklə Yaxın Şərqdə sülh sazişi üçün atılan addımları bilərəkdən puça çıxarmaqda ittiham edib. Kleq İsrailin Qərb Sahili və şərqi Qüds sahillərində qəsəbəsalma işlərini davam etdirməsini “düşünülmüş vandalizm” adlandırıb.

Fələstinli prezident bu bəyanatdan çox sevinərək, “Bizim rəsmi Britaniyada eşitmək istədiyimiz elə bu idi” deyə qarşı tərəfə minnətdarlıq edib. Mahmud Abbas eyni zamanda baş nazir Devid Kemeron və Xarici işlər naziri Vilyam Heyqlə də görüş keçirib. Görüşlərdə Yaxın Şərq sülh sazişi və İsrailin qəsəbəsalma siyasəti prioritet mövzu olub.

Qeyd edək ki, İsrail - Fələstin sülh danışıqları İsrail tərəfinin işğal olunmuş Fələstin torpaqlarında yeni qəsəbələrin tikintisinə və yəhudi ailələri köçürülməsinə başlamasıyla 2009-cu ildə dayandırılıb. Rəsmi Fələstin sülh danışıqlarını yalnız ikincinin qəsəbəsalma siyasətinə son qoyduqdan sonra bərpa edəcəyini bildirir.

В этом разделе