«Biz xristianlar daha o torpaqların yəhudilər üçün nəzərdə tutulduğunu deyə bilmərik»
Roma-katolik kilsəsinin yepiskoplarının Sinodunun Yaxın Şərqə həsr olunmuş xüsusi assambleyası BMT və dünya ictimaiyyətinə Fələstin ərazilərinin İsrail tərəfindən işğalına son qoyulması çağırışı ilə müraciət edib.
"Yeni Musavat"ın məlumatına görə Roma Papası XVI Benediktin sədrliyi və 185 yepiskopun iştirakı ilə keçirilən forumun yekun sənədində BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq 1967-ci il sərhədlərinin bərpa olunması tələbi öz əksini tapıb.
Assambleyanın işinin başa çatmasına həsr olunmuş mətbuat konfransında Sinodun katibi arxiyepiskop Nikola Eteroviç və Yaxın Şərq patriarxları İncilin Fələstin torpaqlarının işğalı üçün istifadə olunmasının qəbul edilməz olduğunu bəyan ediblər.
«Biz xristianlar daha o torpaqların yəhudilər üçün nəzərdə tutulduğunu deyə bilmərik», deyə Nyuton (ABŞ) yunan-melkit arxiyepiskopu monsenyor Kirill Salim Bastros bildirib. O xatırladıb ki, sözügedən iddiaya görə İsrailin yəhudi olmayan 1,5 milyonluq əhalisinin hüquqları pozulur.
İsrail xarici işlər nazirliyinin mətbuat katibi İqal Palmor Roma-katolik yepiskopları Sinodunun Yaxın Şərqə dair bəyanatına cavab verib.
O qeyd edib ki, İncilin təfsirinə dair ilahiyyatçılar arasında mübahisələr orta əsrlərdə qalıb və «onları diriltmək müdrik addım deyil».