Böyük Britaniya baş nazirinin canlı yayında dediyi bu sözlər İsraildə qorxu yaradıb
Böyük Britaniyanın baş naziri Devid Kemeron yerli telekanallardan birinin efirində canlı yayında çıxış edərkən bildirib ki, İranın nüvə silahı var. "Musavat"ın xəbərinə görə, Kemeronun bu sözləri ciddi qalmaqala və təşvişə səbəb olub. Baş nazirin sözlərini eşidən İsrail əhalisi təşvişə düşüb. İsrail hökuməti də təcili olaraq diplomatik kanallarla Kemeronun sözləri ilə bağlı Londondan izahat istəyib.
Qalmaqalın böyüdüyünü görən Britaniya hökuməti rəsmi açıqlama verərək bildirib ki, baş nazirin sözləri düzgün başa düşülməyib. Açıqlamaya görə, Kemeron əslində onu nəzərdə tutub ki, İran nüvə silahı əldə etmək istəyir. “O, heç bir halda bunu nəzərdə tutmurdu ki, İran artıq nüvə silahına malikdir” deyə, rəsmi London bildirir. İsrail mətbuatı qeyd edir ki, qalmaqallı açıqlamanı verməzdən əvvəl Kemeron ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparıb və onunla İran dosyesini müzakirə edib.