Mahmud Əhmədinejad ilk olaraq Venesuelaya səfər edəcək
İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikası ölkələrinə səfərə başlayıb. Turne İranın nüvə proqramı ilə əlaqədar Tehranla Qərb arasında münasibətlərin gərginləşməsi fonunda həyata keçirilir- "anspress" "accociated press"ə istinadən xəbər verir.
Mahmud Əhmədinejad 4 ölkəyə səfərdən ibarət turneni Venesueladan başlayıb. Bu ölkənin prezidenti Uqo Çaves öz anti-amerika baxışları ilə məşhurdur. Son illərdə dünya siyasətinə dair bir çox məsələlərdə Karakasla Tehranın mövqeləri üst-üstə düşüb. Venesueladan sonra İran prezidenti Kuba, Nikaraqua və Ekvadora səfər edəcək.
Qeyd edək ki, Mahmud Əhmədinejadın səfərindən əvvəl Amerika Birləşmiş Ştatları Latın Amerikası ölkələrini İranla əlaqələri möhkəmləndirməkdən çəkinməyə çağırıb. ABŞ və bir sıra Qərb ölkələri yeni il ərəfəsində İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirib. İndi isə Avropa Birliyində İran neftinin idxalına embarqo qoyulması məsələsi müzakirə edilir.