İran Moskvada Qərbə qalib gəldi

““Altılıq” ölkələri ilə nüvə probleminin həllinə dair aparılan Moskva görüşü İran diplomatiyasının qələbəsi ilə bitdi”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində İranla “altılıq” ölkələri arasında keçirilən danışıqlara həsr olunan tədbirdə Müasir İranı Öyrənən Mərkəzin baş direktoru, politoloq Rəcəb Səfərov deyib.

O bildirib ki, Qərb ölkələri Moskva görüşünün nəticəsindən asılı olaraq, İranla bütün danışıqları dayandırmağı düşünürdü: “Onlar danışıqların mənfi nəticələnməsini istəyirdilər və dünya ictimaiyyətini inandırmağa çalışırdılar ki, “altılıq” ölkələri ilə Moskva görüşü İranın son şansıdır. Dünən Moskvada keçirilən danışıqların son raundu artıq saat 15:00-da bitmişdi və danışıqlarda heç bir nəticə əldə olunmamışdı. Daha sonra nəticəyə nail olmaq üçün yenidən danışıqlara başlanıldı və Qərb Tehranın təklifini qəbul elədi”.

R. Səfərov İran tərəfinin təklifinin nüvə probleminin mərhələli şəkildə həllindən ibarət olduğunu söyləyib: “Moskva görüşündə artıq Qərb ölkələri İrandan uranın zənginləşdirməsini dayandırmağı tələb etmirdi. Onlar İran tərəfinə uranın zənginləşdirilməsinin minimum dörd dəfəyə qədər azaldılmasını təklif etdilər. İran isə cavabında tələb olunan qədər atom yanacağı ilə təmin olunacağı təqdirdə, uranı zənginləşdirməyi təklif olunan səviyyəyə qədər azalda biləcəklərini söyləyib. Bu da görüşdə rəsmi Tehranın ikinci qələbəsi oldu. Daha sonra İran tərəfi atom enerjisindən sülh məqsədləri ilə istifadə edəcəklərinə dair İran dini liderinin fətva verdiyini söyləyib. Bu, artıq İran tərəfinin nüvə enerjisindən sülh məqsədləri ilə istifadə edəcəklərinə dair siyasi qarantiyasıdır. Qərb ölkələri isə buna reaksiya verə bilmədi”.

R. Səfərovun sözlərinə görə, Moskva görüşündə İran tərəfi hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinin Fərdodakı zavodda yoxlamalar aparılması təklifini də qəbul edib: “Baxmayaraq ki, Fərdo İranın hərbi obyektidir və İranın milli təhlükəsizliyi baxımından bu, zidd addım sayılır”.

Politoloq Moskva görüşündə İranın atom problemini araşdırmaq məqsədilə beynəlxalq ekspertlərdən ibarət komissiya yaradılmasına qərar verildiyini söyləyib.

İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev də Moskva danışıqlarının İran üçün çox yaxşı keçdiyini söyləyib. Onun sözlərinə görə, danışıqlarda Qərb ölkələri İrana sərf edəcək heç nə təklif etməyib: “Baxmayaraq ki, İran Qərbə çox güzəştə getmişdi”.

V. Yevseyev Qərbin İrana təzyiqlərinin azaltmaq məcburiyyətində olduğunu söyləyib: “Əks təqdirdə İrana qarşı sanksiyalar regionda vəziyyətin pisləşəcəyinə şərait yaradacaq, İranla müharibənin başlanmasına gətirib çıxaracaq. Bu zaman isə İranı nə Rusiya, nə də Çin müdafiə edə biləcək. Baxmayaraq ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında İran əleyhinə olan qətnaməyə veto qoyublar”.

В этом разделе