İordaniya qaz idxalının diversifikasiyasına çalışır və bununla əlaqədar İran qazının alınmasında maraqlıdır. “APA-ECONOMICS”in RBK-ya istinadən xəbərinə görə, bu bəyanatla ölkənin Energetika Nazirliyinin rəsmi nümayəndəsi Mahmud əl-Eys çıxış edib.
“Hələlik İrandan qaz satışına dair təklif almamışıq. Amma belə bir təklif olarsa, bu variantı nəzərdən keçirə bilərik” - deyə Mahmud əl-Eys bildirib.
İranın İordaniyadakı səfiri Mustafa Müslihzadə isə bu məsələdə tərəflərin maraqlarının üst-üstə düşdüyünü vurğulayıb. Yaxın vaxtlarda Tehranın İordaniyaya rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.
APA qeyd edir ki, İordaniya Misir qazından asılılığını azaltmaq üçün Qətər, Səudiyyə Ərəbistanı və Azərbaycanla da danışıqlar aparır.