
Prezident İlham Əliyev noyabrın 22-də Ermənistanın dövlət başçısı Serj Sarkisyanla Münhendə keçiriləcək növbəti görüşündən də danışıb. O deyib ki, Azərbaycan tərəfi danışıqlara öz proqramı ilə gedir: “O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcək. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi var. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək”. Azərbaycan prezidentinin sözlərinə görə, beynəlxalq hüquq normaları ölkəmizin bu hüququnu tanıyır.
İlham Əliyev bildirib ki, 1918-ci ildə İrəvan xanlığı, Zəngəzur mahalının ermənilərə verilməsi ilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb. İndi isə Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına cəhd edilir və buna imkan verilməyəcək: “Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu biz də deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik. Ona görə, danışıqlarda Ermənistan ciddi addımlar atmalıdır. Onlar addımlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik?! Nəyi zəbt etmişik ki, güzəştə gedək. Biz heç bir güzəştə getməyəcəyik. Bizim güzəştimiz məsələnin sülh yolu ilə həll edilməsidir, vəssalam”. /anspress/