Həzrət Əlinin Malik Əştərə yazdığı məktubun nüsxəsi YUNESKO-da qeydiyyata alınacaq
İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktubun nüsxəsi YUNESKO-da qeydiyyata alınacaq. “SalamNews" xəbər verir ki, bunu YUNESKO İran Milli Komitəsinin rəhbəri Höccətül-islam Seyyid Məhəmməd Əli Əhmədi Əbhəri deyib.
Onun sözlərinə görə, 1992-ci ildən YUNESKO-nun milli komitəsində tarixi əsərlərin və kitabların qeydiyyata alınması işi başlanıb. İndiyədək YUNESKO-da çox sayda əsərlər qeydiyyata götürülüb. Buna misal olaraq, Təbrizin mərkəzi kitabxanasında saxlanılan “Vəqfnamə”ni göstərmək olar. Bu əsərdən başqa “Şahnamə yasneqəri” əsəri Gülüstan sarayının muzeyində saxlanılır. “Məcmueyi-istinadi təşkilati- idari ostani Qüdsi Rəzəvi” adlı digər əsər isə 2007 - 2008-ci illərdə bu siyahıya daxil edilib.
YUNESKO İran Milli Komitəsinin rəhbəri söyləyib ki, hər ölkə il ərzində yalnız iki milli əsərini qeydiyyata saldıra bilər. Bizim də tərəfimizdən bu il iki əsər qeydiyyata salınıb: “Əl- təfhimi lə əvayili sənaətəl təncim” kitabı muzey kitabxanasında, “Xəmsətil-nizam” kitabı isə Şəhid Mütəhhəri adına mədrəsədə saxlanılır. Hazırda Ayətullah Mərəşi Nəcəfi (r) kitabxanasında saxlanılan İmam Əlinin (ə) Malik Əştərə yazdığı dəyərli məktub üzərində mütaliələr aparılır ki, YUNESKO-da qeydiyyata salınsın. 2013-cü ildə YUNESKO- nun Mərkəzi Şurası burada iclas keçirəcək və bu məsələ həllini tapacaq.”
Xatırladaq ki, Malik Əştər İmam Əlinin (ə) ən yaxın silahdaşlarından olub və sadə həyat tərzi, təvazökarlığı, eyni zamanda hünəri ilə seçilib.