ABŞ-ın 3-cü böyük bankının müştərilərinin məlumatları oğurlanıb.
İslam-Azeri.az İnternet Qəzetinin "Forbes"ə istinadən verdiyi xəbərə görə, hakerlər "Citigroup"-a ciddi ziyan vurublar.
Onlar ABŞ-ın bu maliyyə korporasiyasının təxminən 200 minə yaxın bank kartı haqqında məlumatları oğurlayıblar.
Sistemin dağıdılması hələ may ayının əvvəllərində baş versə də, bu barədə hələ indi məlumat verilib.
Hakerlər bankın müştərilərinin adları, onların hesab nömrələri və əlaqə məlumatına (elektron poçt ünvanları da daxil olmaqla) giriş əldə ediblər.
Eyni zamanda kartların buraxılış tarixləri və fəaliyyət müddətləri, CVV təhlükəsizlik kodları barədə məlumatlar oğurlanmayıb.
Bankın nümayəndəsinin verdiyi məlumatda "Citigroup"-un Şimali Amerikada 21 milyon olan müştərilərinin təxminən 1%-i haqqında məlumatın oğurlanması bildirilir.
Qeyd edək ki, "Citigroup" aktivlərinin həcminə (2010-cu ilin sonuna 1,9 trilyon dollar) görə ABŞ-ın üçüncü bankıdır.
Ötən ilin yekunlarına görə bankın xalis mənfəəti 10,6 milyard dollar təşkil edib.